Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi peşə fəaliyyətimdə vacib amildir”
“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Nural Əsgərovdur. O, ADA Universitetində “Beynəlxalq əlaqələr” ixtisası üzrə bakalavr, Böyük Britaniyanın Bristol Universitetində isə “İnsan hüquqları” ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda, Böyük Britaniyanın BPP Universitetində hüquq sahəsi üzrə əlavə ixtisasa yiyələnib.
EMTA-da əmək fəaliyyətinə 2022-ci ildə mütəxəssis kimi başlayan Nural Əsgərov hazırda aparıcı mütəxəssis kimi fəaliyyətini davam etdirir.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
EMTA-da fəaliyyətim çalışdığım şöbənin iş planına uyğun olaraq, beynəlxalq təşkilatlar və digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, tənzimləmə sahəsi üzrə beynəlxalq təcrübənin araşdırılması və mübadiləsinin həyata keçirilməsində iştirak etməkdən ibarətdir. Həmçinin, beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirləri təşkil etmək işimizin bir hissəsidir.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
Davamlı olaraq bilik və bacarıqlarımı təkmilləşdirmək imkanı işimin ən sevdiyim tərəflərindən biridir. İş prosesi zamanı beynəlxalq əlaqəlar sahəsi üzrə təcrübə ilə yanaşı, eyni zamanda, enerji tənzimləmə sahəsində də daim yeni biliklər əldə edirəm. Belə ki, Agentlikdə çalışmağa başladığım ilk gündən bəri, başlıca olaraq, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətindəki fəaliyyətlə bərabər, enerji tənzimləmə sahəsində də öz təcrübə və bacarıqlarımı artırmağa çalışıram.
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) koordinatorlarının Budapeştdə keçirilən iclası, 2023
Peşə fəaliyyətinizdə nələri vacib hesab edirsiniz?
Xarici dil biliklərinin olmasını peşə fəaliyyətimizdə önəmli hesab edirəm. Xarici dildə birbaşa ünsiyyət qura bilmək beynəlxalq şöbə əməkdaşları üçün olduqca vacibdir. Çünki bu, ünsiyyətin effektivliyini artırır və danışıqların operativ aparılmasını asanlaşdırır. Eləcə də, xarici dil biliklərinin olması geniş məlumat bazasına sahib olmağa, müxtəlif mənbələri təhlil etməyə və məlumatlı olmağa imkan verir. Həmçinin, enerji tənzimləmə sahəsində baş verən yeniliklərin və inkişafın, ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi peşə fəaliyyətimdə vacib amildir. Bu səbəbdən, Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində daim müvafiq seminar, konfrans və təlimlərdə iştirak etməyə çalışıram.
Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkilatçılığı ilə Bakıda keçirilən seminar, 2024
Aldığınız ən yaxşı karyera məsləhəti hansıdır?
Ən yaxşı karyera məsləhəti daima inkişaf etməyə, peşə bilik və bacarıqların artırılmasına çalışmaqla bağlı aldığım məsləhətdir. Həqiqətən də, yeni biliklər öyrənməyə meylli olmaq uzunmüddətli uğur əldə etmək üçün vacib amildir.
EMTA və ERRA-nın birgə əməkdaşlığı ilə kommunikasiyanın təşkilinə dair Bakıda keçirilən beynəlxalq seminar, 2024
Sizcə, EMTA-da çalışmağın hansı üstünlükləri var?
Xüsusilə karyera başlanğıcında olan gənc mütəxəssislər üçün EMTA-dakı mövcud peşəkar iş mühitinin faydalı olacağını düşünürəm. Gündəlik iş təcrübəmdə bəzi hallarda enerji tənzimləmə sahəsi üzrə texniki məsələlərin təhlili ehtiyacı yaranır. Bu kimi hallarda, Agentlikdə çalışan ekspertlər tərəfindən dəstək göstərilərək, komanda səyləri nəticəsində belə məsələlərin öhdəsindən birlikdə gələ bilirik. Bununla yanaşı, rəhbərlik tərəfindən gənc mütəxəssislərə olan inam və verilən dəstəyin onlar üçün faydalı olacağını düşünürəm.