Rüstəm Mirzəlizadə
  • KateqoriyaKaryera Bloqu

“Dinamik iş mühiti və inkişaf imkanları işimin ən çox sevdiyim tərəfləridir”

“Karyera bloqu”nun növbəti müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Strateji planlaşdırma və innovasiyalar şöbəsinin böyük mütəxəssisi Rüstəm Mirzəlizadədir.

Rüstəm Mirzəlizadə bakalavr təhsilini 2011-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Hazırda isə Azərbaycan Texniki Universitetində “Enerji menecmenti” ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirir.

İstilik enerjisinin təchizatı sahəsində təcrübəyə sahib olan Rüstəm Mirzəlizadə EMTA-da əmək fəaliyyətinə 2020-ci ildə aparıcı mütəxəssis vəzifəsi ilə başlayıb və hazırda Strateji planlaşdırma və innovasiyalar şöbəsinin böyük mütəxəssisi vəzifəsini icra edir.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?   

Fəaliyyətim çərçivəsində müxtəlif araşdırmalar aparır, tənzimləmə məqsədilə yeni texnologiyaların, elmi nailiyyətlərin, həmçinin enerji sektorunun planlaşdırılmasında istifadə olunan strateji alət və metodologiyaları təhlil edib tətbiqi ilə bağlı təkliflər verirəm. Qabaqcıl vizuallaşdırma tətbiqlərindən istifadə edərək tənzimləmə subyektlərinin texniki-iqtisadi göstəricilərini təhlil edib onların illər üzrə tendensiyasına dair hesabatlar hazırlayıram.

Eyni zamanda, həmkarlarımla ölkədə və ölkə xaricində iştirak etdiyimiz təlim və konfranslardan əldə etdiyimiz yeniliklər əsasında sektoru tənzimləyən normativ hüquqi aktların işlənməsi və onların tətbiqində iştirak edirik.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

Dinamik iş mühiti və inkişaf imkanları işimin ən çox sevdiyim tərəfləridir. Enerji məsələlərinin tənzimləməsi sahəsi yeni olduğundan onun fəaliyyətinin təşkili və təmini üçün geniş spektrda işlər görülür. Bunların sayəsində fərqli ölkələrin təcrübə və qanunvericiliyini, həmçinin müxtəlif beynəlxalq nəşrləri təhlil edərək davamlı olaraq yeni bilik və bacarıqlar qazanmışam və bu faktor mənim inkişafıma böyük təsir göstərir.

Çalışdığınız sahədə karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?

Enerji sahəsində uğurlu karyera qurmaq müxtəlif iş bacarıqları tələb edir. Bu sektorda çalışmaq istəyənlər texniki biliklərə yiyələnməli, eyni zamanda  enerji bazarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktlar, informasiya ilə işləmə vərdişlərinə, eləcə də təşəbbüskarlıq və komandada işləmə bacarığına sahib olmalıdırlar.

Sizi öz işinizi daha yaxşı icra etməyə həvəsləndirən amillər hansılardır?

Rəhbərlik tərəfindən Agentliyin mütəxəssislərinin fəaliyyətinə və inkişafına dəstəyin göstərilməsi mənim iş motivasiyamı gücləndirən əsas amillərdəndir.

Bununla belə, işlərin icrasında yüksək komanda ruhu və nəticəyönümlü iş mühiti işin məhsuldarlığının artmasına, tapşırıqların operativ həllinə və bütün komanda üzvləri üçün daha uğurlu nailiyyətlərin əldə edilməsinə imkan verir.

Son olaraq, EMTA-da çalışmaq istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?

Hesab edirəm ki, Agentliyin energetika sahəsinin transformasiya proseslərinin mərkəzində olması, o cümlədən, gənc əməkdaşların bu proseslərdə əyani iştirak etməsi Agentlikdə çalışmaq istəyən mütəxəssislərə böyük təcrübə məktəbi olmaqla onların praktiki bacarıqlarını zənginləşdirməsinə və gələcək karyeralarının inkişafına xüsusi töhfə verəcək.

EMTA-da çalışmaq istəyən şəxslər enerji sektoru haqqında bilik və müvafiq texniki bacarıqlarını inkişaf etdirməklə Agentlikdə çalışmaq istəklərini reallaşdıra bilərlər.