Şöhrət Qədimov
  • KateqoriyaKaryera Bloqu

"Vətəndaş məmnunluğu işimə olan məsuliyyətimi və sevgimi daha da artırır"

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Bakı filialının baş müfəttişi Şöhrət Qədimov “Karyera bloqu”na EMTA-dakı əmək fəaliyyətindən danışıb.

Şöhrət Qədimov Azərbaycan Texniki Universitində mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. O, bir sıra dövlət qurumlarında mühəndis-dövlət müfəttişi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

EMTA-nın Bakı filialında əmək fəaliyyətinə 2017-ci ildə aparıcı müfəttiş kimi başlayan Şöhrət Qədimov hazırda baş müfəttiş vəzifəsində çalışır.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?   

Qaz təchizatı sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak, sənaye qaz qurğularının istismarına icazələrin verilməsi üçün gərəkli olan tədbirlərin icrasına, həmçinin müvafiq sahədə xidmətlərin keyfiyyətinə nəzarət fəaliyyətimin əsas tərkib hissəsidir. Bunlarla yanaşı, daxil olan vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması da fəaliyyətimdə xüsusilə diqqət yetirdiyim məsələlər sırasındadır.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

Vətəndaş müraciətlərinin icrası zamanı əldə olunan vətəndaş məmnunluğu, xüsusilə vətəndaşlardan daxil olan təşəkkürlər işimə olan məsuliyyətimi və sevgimi daha da artırır.

Çalışdığınız sahədə karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?

Agentliyin Nizamnaməsinin 2.1-ci bəndində qeyd edildiyi kimi, Agentliyin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə, bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir. Bu sahədə karyera qurmaq istəyən şəxs qeyd olunan tələblərin öhdəsindən gələ bilməli, stres altında belə işin keyfiyyətini aşağı salmadan fəaliyyət göstərə bilmək bacarığına sahib olmalıdır.

Sizi öz işinizi daha yaxşı icra etməyə həvəsləndirən amillər hansılardır?

Enerji sahəsinə olan sevgim, işçilərin fərdi qaydada iş qabiliyyətinin qiymətləndirilməsi, eyni zamanda şəffaflığın tam təmin olunması işimi daha yaxşı icra etməyə həvəsləndirən əsas amillərdir.

EMTA-da çalışmaq istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?

EMTA kimi müasir idarəetmə sisteminin olduğu bir yerdə çalışmaq üçün öncə Agentliyin Nizamnaməsi ilə tanış olmaqdan başlanılmalıdır. Qanunvericiliyin tələblərinin qorunduğu, nizam-intizam və davamlı inkişafın, eləcə də şəffaflığın təmin olunduğu bir sahədə çalışmaq istəyirlərsə, bu ünvan EMTA-dır.