Ülvi Qədirli
  • KateqoriyaKaryera Bloqu

“Özünü daim inkişaf etdirən kollektivlə çalışmaq mənim üçün əlavə motivasiya mənbəyidir”

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Mingəçevir filialının aparıcı müfəttişi Ülvi Qədirli “Karyera bloqu”na EMTA-dakı əmək fəaliyyətindən danışıb.

Ülvi Qədirli Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə magistr təhsili alıb. Hazırda isə, Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorantura pilləsində qiyabi formada təhsilini davam etdirir.

EMTA-da əmək fəaliyyətinə 2018-ci ildə Kürdəmir filialının müfəttişi (qaz sahəsi üzrə) olaraq başlayan Ülvi Qədirli 2020-2023-cü illərdə fəaliyyətini Mingəçevir və Şəki filiallarında eyni vəzifədə davam etdirib. 2024-cü ildən Mingəçevir filialının aparıcı müfəttişi vəzifəsində çalışır.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?

Qaz təchizatı sahəsində mövcud normativ-hüquqi aktların təcrübədə tətbiqi və vətəndaş məmnunluğunun hər zaman ön planda olması üçün çalışmaq fəaliyyətimin əsasını təşkil edir. Belə ki, qaz təchizatı üzrə daxil olan vətəndaş müraciətlərinin araşdırılması, sənaye qaz qurğularının istismarına icazənin verilməsi, həmçinin nəzarət tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edir və filialın fəaliyyət istiqamətlərindən irəli gələn tədbirlərlə bağlı hesabatlar hazırlayır, eyni zamanda, təkliflər verirəm.  

Çalışdığınız sahəyə marağınız nə ilə bağlıdır?

Neft-qaz sahəsinə olan marağım bu sahə üzrə ali təhsil müəssisələrinə hazırlaşdığım dövrdən başlayır. Məlum olduğu kimi, enerji sahəsi müasir dünyada ən mühüm sahələrdən biridir. Heç şübhəsiz ki, ölkəmizin də zəngin enerji resurslarına sahib olması və bu istiqamətdə icra olunan beynəlxalq enerji layihələri məndə bu sahəyə xüsusi maraq yaradıb.

Qaz müfəttişi kimi bir neçə filialda çalışmısınız. Fəaliyyətinizdə nələri vacib hesab edirsiniz?

Bəli, müxtəlif dövrlərdə qaz müfəttişi kimi Kürdəmir, Şəki və Mingəçevir filiallarında çalışmışam. Fəaliyyətimdə hər zaman məsuliyyətli olmağa, komandada çalışmağa xüsusi diqqət yetirirəm. Enerji sektorunda yüksək hazırlıqlı mütəxəssis kimi formalaşmaq üçün isə, bu sahə üzrə qanunvericiliyin tələblərini dərindən mənimsəməyi, hər zaman öz üzərində işləməyə həvəsli olmağı, eləcə də, araşdırma və təhlil etmə qabiliyyətini inkişaf etdirməyi vacib hesab edirəm.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

Qaz təchizatı sahəsi üzrə daxil olan vətəndaş müraciətlərinin dəqiq şəkildə icrasını təmin etmək məqsədilə həm nəzəri, həm də təcrübi biliklərimi artırıram. Bunun üçün  böyük səylə çalışmaq işimin sevdiyim tərəflərindəndir. Bu istiqamətdə özünü daim inkişaf etdirən kollektivlə çalışmaq da mənim üçün əlavə motivasiya mənbəyidir.

Sizcə, EMTA-da çalışmağın hansı üstünlükləri var?

Hazırda EMTA peşəkar komandaya, şəffaf və ideal iş mühitinə, həmçinin müvafiq sahə üzrə geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə sahib olması ilə seçilir. Əlavə olaraq, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması EMTA-ya etimadı daha da artırır.