Vüqar Həşimov
  • KateqoriyaKaryera Bloqu

“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Enerji tənzimləmə və monitorinq departamentinin böyük mütəxəssisi Vüqar Həşimovdur.

Vüqar Həşimov Bakı Mühəndislik Universitetini “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə bitirərək, bakalavr və magistr dərəcəsini alıb.

Energetika sahəsində 20 ilə yaxın iş təcrübəsi olan Vüqar Həşimov AERA-da əmək fəaliyyətinə 2019-cu ildə qurumun Bakı filialının aparıcı müfəttişi kimi başlayıb. Hazırda AERA-nın baş ofisində fəaliyyətini böyük mütəxəsssis kimi davam etdirir.


AERA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?                                                                                                                                                                             
Əsas fəaliyyət istiqamətim sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının icrası çərçivəsində 21 “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Texniki Şuraların fəaliyyətinin təşkili, Texniki Şuraya üzv qurumların koordinasiyalı fəaliyyətinin təmin olunması və Bakı “KOB evi”ndə  Agentlik tərəfindən göstərilən xidmətlərin təşkili və nəzarətinin həyata keçirilməsindən ibarətdir. Həmçinin bir sıra dövlət əhəmiyyətli işçi qruplarında fəaliyyətimi davam etdirirəm. Dünya Bankının 2020-ci ildə dərc olunmuş “Doing Business” hesabatında Azərbaycanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə reytinq cədvəlində layiqli yer tutması məqsədilə yaradılmış işçi qrupunda fəal iştirak etmişəm. Hazırda bu istiqamətdə işlər Dünya Bankının “B-READY” hesabatı adı ilə davam etdirilir. Əlavə olaraq qeyd edim ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə də modern və çevik idarəetmənin təmin edilməsi, vətəndaş məmnunluğunun və xidmətlərə əlçatanlığın artırılması üçün Agentlik tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması ilə bağlı layihənin icrasında iştirak edirəm.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

İnsan öz fəaliyyətinin bəhrəsini görəndə işinə olan sevgisi daha da artır. Həyata keçirdiyimiz fəaliyyətin nəticəsində elektrik enerjisi istehlakçılarının işi asanlaşır və onların qarşılaşdıqları çətinliklər aradan qaldırılır.

Energetika sahəsində karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?

Ümumiyyətlə, hər bir sahə kimi, energetika sahəsi də dinamik inkişaf yolunda olan bir sahədir. Bu sahədə peşəkar səviyyədə mütəxəssis olmaq üçün daim dünyada baş verən tendensiyaları izləmək, araşdırma və təhlil etmə qabiliyyətini inkişaf etdirmək lazımdır.

Bildiyiniz kimi, hazırda enerji keçidi dövrünü yaşayırıq. Enerji təhlükəsizliyi, eləcə də qlobal iqlim dəyişikliyi məsələləri elektrik enerjisinin əldə olunmasında ənənəvi üsuldan bərpaolunan enerji resurslarına keçidi sürətləndirib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir və bu sahədə mütəxəssislərin yetişməsi ölkəmiz üçün çox faydalı olar.


 

 

 

 

 

 

 

 

 

Hindistanda Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində seminar, 2023-cü il

Son olaraq, AERA-da çalışmaq istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?

İşini sevən, sahəsi üzrə yenilikləri izləyən və işində tətbiq edən, dürüst, çalışqan, komandada işləməyi sevən şəxslər üçün Agentlik ən ideal iş yeridir.