Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Hər dəfə yeni bir uğur qazandıqda çox sevinirik”
“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri Zülfiyyə Namazovadır. O, Agentlikdə əmək fəaliyyətinə 2019-cu ilin yanvar ayında hazırda çalışdığı şöbənin İqtisadi təhlil və statistika sektorunda baş mütəxəssis olaraq başlayıb. 2020-ci ilin yanvar ayında şöbə müdirinin müavini, həmçinin İqtisadi təhlil və statistika sektorunun müdiri, 2023-cü ilin iyul ayında isə şöbə müdiri vəzifəsinə təyin olunub.
Zülfiyyə Namazova 1985-ci ildə Bakı şəhəri 180 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təqdim edib. Sonra isə Lvov Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində təhsil almaq imkanı qazanıb. Həmin dövrdə bu imkanı Azərbaycan gənclərinə Ulu öndər Heydər Əliyev yaratmışdı. Məhz Ümummilli lider Heydər ƏIiyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində o dövrdə 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda – keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnib. Həmin şəxslərdən biri də Zülfiyyə Namazova olub.
Zülfiyyə xanım, necə oldu ki, siz o dövrdə respublikadan kənarda təhsil almaq imkanı əldə etdiniz?
Ulu öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək və ölkəmizin gələcək inkişafında iştirak etmək üçün yüksəkixtisaslı mütəxəssislər yetişdirmək idi. Mən də bu yaranmış imkandan istifadə edərək sənədlərimi Lvov Politexnik İnstitutunun İqtisadiyyat fakültəsinin “Energetikanın iqtisadiyyatı və təşkili” ixtisasına verdim və imtahanlardan uğurla keçərək təhsil almaq üçün Ukraynanın Lvov şəhərinə getdim. Bu gün fəxrlə deyə bilərəm ki, Ulu öndərin ötən əsrin 70-80-ci illərində həyata keçirdiyi uğurlu siyasətin bəhrələrindən biriyəm.
1990-cı ildə təhsilimi sözügedən institutda başa vurduqdan sonra doğma Vətənə qayıtdım və gənc mütəxəssis kimi “Azərenerji” ASC-nin İqtisadiyyat şöbəsində iqtisadçı vəzifəsində işə başladım. Qeyd edim ki, əmək fəaliyyətimdə İqtisadiyyat şöbəsində iqtisadçı vəzifəsindən həmin şöbənin rəisi vəzifəsinə qədər yüksəldim. 2019-cu ilin yanvar ayından əmək fəaliyyətimi EMTA-da davam etdirirəm və hazırda İqtisadi təhlil, tarif və statistika şöbəsinə rəhbərlik edirəm.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Şöbəmizin adından da göründüyü kimi müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin təqdim etdikləri hesabatları təhlil edir, elektrik və istilik enerjisi, habelə qaz istehsalı və istehlakı proqnozlarının hazırlanmasında, eləcə də Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi istiqamətində tədbirlərin görülməsində iştirak edirik. Həmçinin elektrik və istilik enerjisinin, habelə qazın qiymətləri (tarifləri) ilə bağlı daxil olmuş təklifləri təhlil edir və həmin qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinə dair təkliflərinin aidiyyəti üzrə təqdim olunmasını təmin edirik. Əlavə olaraq, EMTA-nın beynəlxalq qurumlarla, o cümlədən xarici ölkələrin enerji tənzimləyiciləri ilə əməkdaşlığı çərçivəsində müxtəlif layihələrdə iştirak edir, iqtisadi məsələlərdə dəstək oluruq.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
Yüksəkixtisaslı mütəxəssislərimiz, mehriban kollektivimiz var. Bu bizə imkan verir ki, istənilən bir tapşırığı yüksək səviyyədə birgə icra edək.
Bu sahədə karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?
Bu sahədə karyera qurmaq istəyən şəxslərin analitik düşüncə, yaradıcı yanaşma bacarıqları, yüksək səviyyədə iqtisadi və maliyyə bilikləri olmalıdır. Hər zaman öz üzərində işləməli, məlumatların təhlili üçün data proqramları üzrə biliklərini daim inkişaf etdirməli, həmçinin data təhlili və maliyyə modelləşdirilməsi üzrə ixtisaslaşmalıdırlar.
Sizi öz işinizi daha yaxşı icra etməyə həvəsləndirən amillər hansılardır?
Bildiyiniz kimi, EMTA Azərbaycanda energetika sahəsində yaradılmış ilk tənzimləyici qurumdur. Bu baxımdan, mövcud vəziyyətin təhlili və uğurlu ölkələrin təcrübəsindən istifadə etməklə normativ-hüquqi bazanın inkişafı üçün böyük əmək sərf olunur. Təbii ki, hər bir işdə olduğu kimi bizim də müəyyən çətinliyimiz olur, çünki bu işlər ölkə üçün yenidir. Bununla belə, hər dəfə yeni bir uğur qazandıqda çox sevinirik. Bu bizə növbəti uğurun qazanılması üçün motivasiya olur. Eyni zamanda, 1 yanvar 2024-cü ildən qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Qanuna əsasən, 2028-ci ilin 1 iyul tarixindən elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən ediləcək. Bu baxımdan, işimiz ikiqat məsuliyyətlidir və etimadı doğrultmaq, qarşıya qoyulan tapşırıqları vaxtında yüksək keyfiyyətlə yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq.