Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Karyera bloqu”nun budəfəki müsahibi AERA-nın Hüquqi təminat və təhlil şöbəsinin baş hüquqşünası Nərmin Əsədovadır.
AERA-da əmək fəaliyyətinə 2018-ci ildə böyük hüquqşünas kimi başlayan Nərmin Əsədova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, Bakı Dövlət Universiteti və Almaniyanın Julius-Maximilians Würzburg Universitetində isə Alman Akademik Mübadilə Proqramının (DAAD) maliyyə dəstəyi ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində “Avropa hüququ” ixtisası üzrə magistr təhsili alıb.
Özəl sektorda korporativ hüquq, müqavilə hüququ və miqrasiya hüququ üzrə təcrübəyə sahib olan Nərmin Əsədova hazırda AERA-da baş hüquqşünas kimi vəzifəsini icra edir.
AERA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Gündəlik fəaliyyətimizi ən yaxşı ifadə edən söz, yəqin ki, “dinamika” olardı. Qabaqcıl beynəlxalq təcrübənin, xarici ölkələrin, xüsusilə, Avropa İttifaqına üzv dövlətlərin energetika sahəsində qanunvericiliyinin araşdırılması və tətbiqi imkanları ilə bağlı təkliflərin hazırlanması, mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak gündəlik fəaliyyətimizin bir hissəsini təşkil edir. Bundan başqa, AERA-nın fəaliyyətinin hüquqi təminatı, daxili hüquqi tənzimləmə məsələləri Hüquqi təminat və təhlil şöbəsinin əsas funksiyalarındandır. Əlavə olaraq, AERA-nın beynəlxalq qurumlarla, o cümlədən xarici ölkələrin energetika və kommunal xidmətlər sahələrində tənzimləyiciləri ilə əməkdaşlığı çərçivəsində müxtəlif layihələrdə iştirak edir, hüquqi məsələlərdə dəstək oluruq.
Həmin qurumlarla həyata keçirilən təcrübə mübadiləsi çərçivəsində 2019-cu ildə Avropa Enerji Birliyinin Katibliyində keçdiyim təcrübəni xüsusilə vurğulamaq istərdim. Belə ki, təcrübə müddətində energetika sahəsində Avropa İttifaqının qanunvericiliyi, eləcə də Avropa İttifaqına, habelə Enerji Birliyinə üzv dövlətlərin bu sahədə qanunvericilik aktları və təcrübəsi ilə əyani tanış olmaq imkanı əldə etdim. Qazandığım təcrübə Azərbaycanın energetika sahəsində aparılan islahatlar çərçivəsində yeni normativ-hüquqi bazanın hazırlanması zamanı beynəlxalq təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsində mənə olduqca faydalı oldu.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
Energetika sahəsi üzrə yeni yanaşmaların, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılmasında, yerli qanunvericiliyin təkmilləşdirilməsində, habelə “yaşıl enerji”yə keçid, “sıfır karbon emissiyası” kimi qlobal çağırışlara hədəflənmiş ölkəmiqyaslı layihələrdə iştirak etmək, beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində AERA-nı, ölkəmi təmsil etmək məsuliyyətli olmaqla bərabər, bir o qədər də qürurverici və həyəcanlıdır. Onu da qeyd edim ki, AERA Azərbaycanda energetika sahəsində yaradılmış ilk tənzimləyici qurumdur. Bu baxımdan, işimiz ikiqat məsuliyyətlidir və etimadı doğrultmaq, qarşıda qoyulan tapşırıqları vaxtında yüksək keyfiyyətlə yerinə yetirmək üçün əlimizdən gələni edirik. Fikirlərimi ümumiləşdirsəm, işimin ən çox sevdiyim tərəfi, ölkəmizin energetika sahəsində əsaslı dəyişikliklər yaradacaq əhəmiyyətli layihələrdə iştirak etmək, bununla az da olsa, Vətənimə faydalı ola bilməkdir.
Hüquq sahəsində karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?
Araşdırma, analitik düşüncə, yaradıcı yanaşma bacarıqları önəmlidir. Bütün sahələr kimi, hüquq sahəsi də inkişafdadır. Bu inkişafla ayaqlaşmaq üçün daim öz üzərində işləməli, çalışdığın hüquq sahəsi ilə bağlı yalnız yerli deyil, həm də beynəlxalq təcrübə üzrə araşdırmalar, təhlillər aparmalı, bilik və işgüzar bacarıqlarını təkmilləşdirməlisən. Azərbaycan kimi sürətli inkişafı, bütün sahələrdə beynəlxalq tələblərə və qlobal çağırışlara uyğunlaşmağı hədəfləmiş bir ölkənin hüquqşünasları kimi bizim üçün bu xüsusilə önəmlidir, deyə düşünürəm. Thomas Jeffersonun da dediyi kimi: “Kitabsız hüquqşünas, alətsiz fəhlə kimidir”.
Sizcə, mövcud texnologiyanın sürətli inkişafı gələcəkdə hansı hüquq sahəsinə tələbatı artıracaq? Və qeyd etdiyiniz bacarıqlarla yanaşı, əlavə hansı biliklərə yiyələnmək mühüm olacaq?
Müasir dünyamızda texnoloji inkişaf o qədər sürətlə gedən bir prosesdir ki, texnoloji yeniliklər bütün sahələr kimi, hüquq sahəsinə də təsirsiz ötüşmür. Bütün bu yeniliklərdən xəbərdar olmaq, onları tətbiq etmək bacarıqlarını formalaşdırmaq “tələb olunan” hüquqşünas olmağı hədəfləmiş hər kəs üçün zəruridir. Hazırda İnformasiya Texnologiyaları (İT) hüququ hüququn yeni sahəsi kimi bütün dünyada böyük maraqla qarşılanır. Bu hüquq sahəsi, müqavilə hüququ, əqli mülkiyyət hüququ və bir neçə digər hüquq sahəsinin daim təkmilləşən kompüter, software, hardware və şəbəkə texnologiyalarına tətbiqidir. İT hüquq sahəsi köhnə və yeni texnologiyalar, İT və elektron ticarət tendensiyalarına dair zəngin biliklər, eyni zamanda, həm hüquqi, həm də texniki təcrübə tələb edir. Zənnimcə, iqtisadiyyatın daha səmərəli idarə olunması zərurəti və texnoloji inkişaf İT hüquq sahəsinin aktuallığnı daha da artıracaq.
Onu da qeyd etmək lazımdır ki, hazırda süni intellektin digər sahələr kimi hüquq sahəsində də tətbiqi aktualdır. Bu gün artıq bəzi xarici ölkələrdə məhkəmə proseslərində “robot” hüquqşünasların iştirakı kimi məsələlər müzakirə edilir. Düşünürəm ki, bəzi hüquq sahələrində, eləcə də məhkəmə praktikasında süni intellektin tətbiqi o qədər də uzaqda deyil.
Son olaraq, AERA-da çalışmaq istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?
Zənnimcə, energetika sahəsində karyera qurmaq istəyən, bu sahəyə marağı olan, araşdırmağı və təhlil etməyi sevən, ən əsası yeniliklərə açıq olan və həmin yeniliklərin tətbiqində həyəcanlı olan, öz bilik və işgüzar bacarıqlarına əmin olan ixtisaslı kadrlar üçün AERA ən doğru məkandır.