Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Karyera bloqu”nun növbəti müsahibi AERA-nın Maliyyə şöbəsinin baş mütəxəssisi Rəsul Allahverdiyevdir.
AERA-da əmək fəaliyyətinə 2021-ci ildə aparıcı mütəxəssis kimi başlayan Rəsul Allahverdiyev Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetində “Bank işi və maliyyə” ixtisası üzrə təhsil alıb. Özəl və dövlət sektorlarında maliyyə sahəsi üzrə təcrübəyə sahib olan Rəsul Allahverdiyev hazırda AERA-da Maliyyə şöbəsinin baş mütəxəssis kimi fəaliyyətini davam etdirir.
AERA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Mühasib kimi vəzifə öhdəliklərimi yerinə yetirmək, Agentliyin maliyyə siyasətinin optimallaşdırmasına kömək etmək əsas prioritetlərim sırasındadır. Həmçinin yenilənən qanunların peşəmə təsir edən hissəsi ilə yaxından tanış olmaq, Agentliyin maliyyə göstəricilərini izləmək, gəlir və xərcləri hesablamaq, eyni zamanda vergi bəyannamələrini hazırlamaq da fəaliyyətimin tərkib hissəsidir.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
Bir peşəni sevimli edən nüans həmin peşənin avantajlarının üstünlük təşkil etməsidir. Bu avantajlardan bir neçəsini sadalamalı olsam, bunlardan heç şübhəsiz, ölkəmiz üzrə sabit iş imkanını, daim yenilənən maliyyə biliklərinin və ən əsası da innovativ proqramların məhz bu peşəyə tətbiqini qeyd etmək istərdim. Ancaq unutmayaq ki, mühasibatlıq, xüsusilə riyaziyyat və maliyyə sahəsinə güclü maraq tələb edən, həm də bəzən stressli bir peşədir.
Mühasibatlıq sahəsində karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?
Mühasibatlıq maliyyə proseslərində nizam-intizam, diqqət və analitik düşüncə, riyazi və ünsiyyət bacarıqları, həmçinin müəyyən mənada hüquqi biliklər tələb edən peşədir. Sabit karyera, yaxşı əmək haqqı və peşəkar inkişaf imkanları da daxil olmaqla bir sıra üstünlükləri mövcuddur. Bu peşəni seçməzdən əvvəl riyaziyyat və maliyyə sahəsinə olan marağı qiymətləndirmək və lazım gəldikdə peşə təhsili almağı planlaşdırmaq vacibdir.
Əlavə olaraq qeyd etmək istərdim ki, mühasibatlıq sahəsində peşəkar sertifikatlara sahib olmaq karyerada yüksəlişə yardım edə bilər. Məsələn, CFA, ACCA və Peşəkar Mühasib sertifikatları bunlara misal ola bilər.
Araşdırmalara görə, rəqəmsallaşmanın daha çox təsir etdiyi sahələrdən biri də mühasibatlıqdır. Sizcə, bu sahədə çalışanlar rəqəmsal transformasiyaya hazırdırmı?
Rəqəmsallaşma mühasibatlıq kimi ənənəvi peşələrə də təsir edən bir tendensiyadır. Mühasibat uçotunda rəqəmsallaşma biznes proseslərini daha səmərəli şəkildə həyata keçirmək, eləcə də səhvləri azaltmaq üçün rəqəmsal alətlər və proqram təminatından istifadəni nəzərdə tutur. Bu, ənənəvi kağız əsaslı proseslərdə rəqəmsal uçotun aparılması, bulud əsaslı mühasibat proqramlarından, avtomatlaşdırma alətlərindən və məlumat analitikasından istifadə kimi yeni yanaşmalara keçməyi özündə ehtiva edir.
Mühasiblərin rəqəmsal transformasiyaya hazır olub-olmaması isə fərdlərdən və müəssisələrdən asılı olaraq dəyişə bilər. Əlbəttə ki, mühasiblər rəqəmsal alətlər və proqram təminatından istifadə etməklə öz işlərini daha səmərəli edə bilərlər. Ancaq bəziləri üçün bu keçid çətin ola bilər, buna görə də rəqəmsallaşmaya hazır olmaq üçün təhsil və texnoloji infrastruktura çıxış imkanı önəmlidir. İş dünyası daim dəyişir, mühasiblərin də bu dəyişikliklərə, eləcə də rəqəmsal yeniliklərə ayaq uydurması vacibdir.
Son olaraq, AERA-da çalışmaq istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?
AERA-da işin dinamikliyi, şəffaf maliyyə siyasətinin, həmçinin gülərüz və peşəkar kollektivin mövcudluğu fəaliyyətimi daha səmərəli şəkildə həyata keçirməyimə yardımçı olur.
Daim öyrənməyə açıq olan, bilik və bacarıqlarına güvənən, həmkarları ilə yaxşı münasibətlər quran, həçminin məqsədyönlü və dinamik tərzdə çalışmağı bacaran şəxslərə AERA-da mövcud iş imkanlarından yararlanmağı tövsiyə edirəm.